Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış pianoçu, pedaqoq və Azərbaycan fortepiano mədəniyyətinin tarixinə həsr olunmuş ilk elmi tədqiqatın müəllifi Fəridə Xəlilovanın anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Fəridə Xəlilovanın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun Azərbaycan fortepiano ifaçılığı tarixində məxsusi yer tutduğunu ifadə edib. Qeyd edilib ki, tanınmış riyaziyyatçı, ilk azərbaycanlı fizika-riyaziyyat elmləri doktoru Zahid Xəlilovun ailəsində böyüyən F. Xəlilova uşaqlığını Bakı Bulvarının yaxınlığında yerləşən və „Alimlər evi“ kimi tanınan binada keçirib. Bu yaşayış binası uzun illər Azərbaycanın ictimai-elmi, mədəni və ədəbi həyatında mühüm rol oynamış alimlərin, musiqiçilərin və yazıçıların toplaşdığı, azad düşüncə və ədəbiyyat və incəsənət üzrə fikir mübadiləsinin hökm sürdüyü intellektual mühit kimi tanınıb.
Həmçinin məlumat verilib ki, təhsil almaq məqsədilə Leninqrada yollanan Fəridə Xəlilova burada solist, ansambl ifaçısı, konsertmeyster və pedaqoq kimi ixtisaslaşır. XX əsrin tanınmış tenorlarından biri olan Vladimir Atlantov ilə tanışlıq onların həm ailədə, həm də səhnədə birləşdirir. F. Xəlilova məhsuldar yaradıcılıq dövrü keçirməklə yanaşı, həyat yoldaşı V. Atlantovun yeni zirvələr fəth etməsində misilsiz rol oynayır.
Fəridə Xəlilova və Vladimir Atlantovun qızı, pianoçu və opera müğənnisi, musiqişünas-pedaqoq Lada Atlantova çıxışında yubiley tədbirinə ev sahibliyi üçün Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib. Sonra rejissor Yuliya Bondarenkonun Fəridə Xəlilovanın həyat və yaradıcılığı barədə çəkdiyi sənədli film nümayiş etdirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Fəridə Xəlilovanın peşəkar ifaçılı və onun Azərbaycan fortepiano ifaçılığı sənətində tutduğu mövqedən bəhs edib. F. Xəlilova Azərbaycan bəstəkarlarının əsərlərini yüksək peşəkarlıqla ifa etdiyini vurğulayan F. Bədəlbəyli bildirib ki, Qara Qarayevin prelüdlərini dinləyərkən məhz F. Xəlilovanın siması gözü önündə canlanır.
Musiqişünas, pedaqoq, Vyanadakı “Musiqi sevinc gətirir” məktəbinin rəhbəri Fərəh Tahirova çıxışında Fəridə Xəlilovanın elmi-pedaqoji fəaliyyəti və elmi tədqiqatlarına toxunub, onun "Azərbaycan fortepiano mədəniyyəti tarixinin oçerkləri" dissertasiyası barədə danışıb.
Tədbirdə çıxış edən tanınmış tenor Vladimir Atlantov onun ifaçı kimi püxtələşməsində Fəridə Xəlilovanın oynadığı roldan minnətdarlıqla danışıb, Xəlilova-Atlantov cütlüyünün keçmiş SSRİ məkanında bir çox uğurlara imza atdığını vurğulayıb.
Qeyd edilməlidir ki, Rəşid Behbudovun ifasında Fikrət Əmirovun "Sevil" operasından Balaşın ariyası ilə tanış olan Vladimir Atlantov Çaykovski müsabiqəsində iştirak üçün məhz bu ariyanı seçir, Fəridə xanımın dəstəyi ilə həmin ariyanı də Azərbaycan dilində ifa edir və bu, onun ən uğurlu ariyaları sırasında yer alır. Tədbirdə V. Atlantovun ifasında həmin ariya ekranda nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Xalq artisti Fərhad Bədəlbəyli, eləcə də Avstriyada yaşayan azərbaycanlı musiqiçi Fərid Feyzullayev (skripka) və Jalə Rəsulova (fortepiano) musiqi proqramı ilə çıxış ediblər.