Avstriyada “Society” jurnalının təşkilatçılığı ilə ənənəvi Novruz bayramı tədbiri keçirilib

30 mart 2026, 18:00
Kärntner Ring 9 A, 1010 Wien, Österreich

Avstriyada geniş oxucu kütləsinə malik “Society“ dərgisinin təşkilatçılığı ilə növbəti dəfə Novruz bayramı və baharın gəlişi münasibətilə ənənəvi bayram tədbiri keçirilib. Diplomatik korpus və hökumət dairələri üzrə ixtisaslaşmış dərgi artıq uzun illərdir ki, Novruzun milli bayram kimi qeyd olunduğu ölkələrin nümayəndələrinin iştirakı ilə bu tədbiri keçirir.

Bayram tədbirində ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Avstriya ictimaiyyətinin nümayəndələri, yerli media, Şərq mədəniyyəti və musiqisinə maraq göstərən insanlar iştirak ediblər.

Tədbirdə Azərbaycan, Əfqanıstan, İraq, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan və Rusiya təmsilçiləri onlar üçün ayrılmış guşələrdə milli mətbəx nümunələri, Novruzla bağlı adət-ənənə, materiallar, milli təam və şirniyyatlar təqdim ediblər.

Tədbirin bədii hissəsində tədbirə qatılan ölkələrin musiqiçi və rəqqasları çıxış ediblər. Azərbaycanı tədbirdə Vyanada təhsil alan tələbə Əminə Ağayeva Azərbaycan milli rəqs nümunələri ifa edib.